Azərbaycan dünyaya günəş kimi doğacaqdır!
Heydər Əliyev
Ana səhifə Müəllif Simalar Şəhidlər Kəndləri Xəritəsi






























































  LİNKLƏR
    yardimli.net
    yardimli.tk
Sabir Rüstəmxanlı
Rüstəmxanlı Sabir Xudu oğlu - 1946-cı il may ayının 20-də Azərbaycanda, Yardımlı rayonunun Hamarkənd kəndində doğuldu.
1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazarlar Birliyinin orqanı olan «Ədəbiyyat və incəsənət» qəzetində işə qəbul edilmişdir.
Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Elmlər Akademisi Nizami adına Ədəbiyyat İnstitutunun aspirantlığını bitirib, dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir.
1974-75-ci illərdə Ordu sıralarında xidmət etmişdir.
Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967-1978-ci illər ərzində «Ədəbiyyat və incəsənət» qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə «Yazıçı» nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. «Ömür kitabı» adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli-azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. «Tanımaq istəsən», «Xəbər gözləyirəm», «Gəncə qapısı», «Sağ ol, ana dilim!», «Qan yaddaşı», «Zaman məndən keçir» və sair kimi şer kitablarının, «Bütövlük», «Didərginlər», «Cavad xan», «Orxonla görüş» poemaların, «Bu sənin xalqındır» publisistik yazılarından ibarət əsərin, «Atamın ruhu», «Xətai yurdu», «Göy Tanrı», «Ölüm yaşamaqdan şirinmiş (Cavad xan)» romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.
Nəşriyyatda işlədiyi illərdə dünya ədəbiyyatının, türk dünyası klassiklərinin, mədəniyyət abidələrinin Azərbaycan oxucularına çatdırılmasında, çağdaş Azərbaycan mədəniyyətinin təbliğində böyük xidmət göstərmişdir.
S.Rüstəmxanlı Azərbaycanda tanınan və sevilən ictimai-siyasi xadimlərdən biridir. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan «Azərbaycan»ı təsis etmiş, iki il onun baş redaktoru (baş yazarı) olmuşdur.
1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olmuşdur.
1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri görəvini daşımışdır.
1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasını yaratmışdır, bu günə qədər partiyanın sədridir.
1995-ci ildə təkrar parlamentə seçilmiş və nazir görəvindən istefa vermişdir.
1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla «Şöhrət» ordeni ilə təltif edilən S.Rüstəmxanlı hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina etmişdir.
2000-ci ildə başçılıq etdiyi partiya parlamentdə yer qazanan iki müxalifət partiyasından biri olmuşdur.
2003-cü il prezident seçkilərində namizəd kimi iştirak etmişdir.
Dünya Azərbaycanlıları Koqresinin 2004-cü ildə keçirilən qurultayında DAK Məclisinin sədri seçilmişdir.
2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə «Azərbaycan Respublikasının Xalq Şairi» fəxri adına layiq görülmüşdür.
2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən mojaritar qaydada namizədliyini irəli sürmüş və qalib gəlmişdir. Milli Məclisin deputatıdır.
2008-ci ilin 4 martında Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin keçirilmiş toplantısında DAK sədri Qulamrza Səbri Təbriziyə etimadsızlıq göstərilib, bu vəzifəyə Sabir Rüstəmxanlı seçilib.
copyright © 2009 - 2017